
02.12.2025
23 noyabr – 2 dekabr tarixlərində Rusiyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO 2025) Azərbaycan məktəbliləri yüksək nəticə əldə ediblər. Rusiya, Çin, Hindistan, Macarıstan, Serbiya, Tayland və digər ölkələri təmsil edən güclü komandaların iştirak etdiyi nüfuzlu elm yarışında 6 nəfərdən ibarət milli komandamız ümumilikdə 4 gümüş və 2 bürünc medal qazanaraq iştirakçı ölkələr sırasında 5-ci yerə layiq görülüb.
Gümüş medal qazananlar:
Rəsul Şahverdiyev – Astara rayonu Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi
Oğuz Əlili – Masazır kənd 3 nömrəli tam orta məktəbin X sinif şagirdi
Mikayıl İbrahimli – Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi
Mehdi Həbibzadə – Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi
Bürünc medal qazananlar:
Fidan Həşimova – BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi
Hidayət Quliyev – Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin X sinif şagirdi
Qeyd edək ki, ötən tədris ilində Azərbaycan komandası bu olimpiadadan 6 bürünc medal qazanmışdı. Bu il Azərbaycan komandasının nəticələri əhəmiyyətli dərəcədə yüksələrək beynəlxalq arenada məktəblilərimizin elmi potensialını bir daha təsdiqləyib.

01.12.2025
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi seçmə imtahanın nəticələrinə əsasən, bu il ölkəmizi Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) 6 nəfər şagird və 3 nəfər rəhbər müəllim təmsil edəcək.
Seçmə imtahanında uğurlu nəticə göstərərək ölkəmizi bu olimpiadada təmsil etmək hüququ qazanan şagirdlər Kimya-biologiya təmayüllü Respublika liseyində olimpiadaya hazırlıq dərslərinə cəlb ediliblər. Hazırlıq dərsləri fizika, kimya və biologiya fənlərini əhatə edir və şagirdlərin laboratoriya bacarıqlarının, eləcə də fənlərarası inteqrasiya üzrə biliklərinin təkmilləşdirilməsinə yönəlib.
Qeyd edək ki, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO) – təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında keçirilən nüfuzlu beynəlxalq elm yarışıdır.
Yarış 23 noyabr – 2 dekabr 2025-ci il tarixlərində Rusiya Federasiyasının Sirius federal ərazisində təşkil olunacaq.

03.11.2025
4 noyabr saat 10:00-dan etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılacaq. Qeydiyyat prosesi 18 noyabr saat 12:00-dək davam edəcək.
Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.
Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar 051 206 78 48 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.
Şagirdlər qeydiyyatdan keçdikdən sonra əvvəlcə noyabr ayında məktəb turunda iştirak edəcəklər. Məktəb turunun keçirilmə tarixini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənməlidirlər. Məktəb turunda uğurlu nəticə göstərən şagirdlər Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Regional Təhsil İdarələrinin nəzdində yaradılmış Təşkilat Komitəsinin qərarı ilə 2026-cı ilin yanvar ayında keçiriləcək rayon (şəhər) mərhələsində iştirak hüququ qazanacaqlar.
VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

30.10.2025
Riyaziyyat fənni üzrə VIII və IX sinifdə təhsil alan şagirdlər arasında keçirilmiş beynəlxalq olimpiada hazırlıq dərslərinə seçmə imtahanının ikinci mərhələsinin nəticələri və qiymətləndirmə meyarlarını təqdim edirik. Xüsusi rənglə işarələnmiş şagirdlər dərslərdə iştirak edə bilərlər.
Bütün iştirakçılara olimpiadalarda uğurlar arzulayırıq.

24.10.2025
Kimya fənni üzrə beynəlxalq olimpiadalara seçmə imtahanında uğur qazanmış şagirdlərin adları artıq məlumdur. Nəticələr ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz.
Qeyd edək ki, şagirdlər hər tədris ilinin əvvəlində təşkil edilən hazırlıq dərslərinə qoşularaq ilboyu sistemli şəkildə məşğələlərdə iştirak edir və biliklərini təkmilləşdirirlər. Bu proses onların fənn üzrə dərin biliklər qazanmasına, eləcə də beynəlxalq arenada ölkəmizi uğurla təmsil etməsinə şərait yaradır.
Bütün şagirdlərə gələcək fəaliyyətlərində və qarşıdakı olimpiadalarda uğurlar arzulayırıq!

20.10.2025
19 oktyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO 2025) seçmə imtahanının II mərhələsi keçirilib.
Seçmə imtahanının nəticələrinə əsasən ən yüksək nəticə göstərən 6 nəfər şagird Rusiyada təşkil ediləcək Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO 2025) ölkəmizi təmsil edəcək.

20.10.2025
18-19 oktyabr tarixlərində Rumıniya Respublikası tərəfindən virtual şəkildə keçirilən müsabiqədə şagirdlərimiz uğurlar çıxış ediblər.
Belə ki, 10 ölkədən 120 iştirakçının qatıldığı müsabiqədə şagirdlərimiz 4 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Türkiyə Dəyanət Vəqfi liseyinin 10-cu sinif şagirdləri Atilla Mustafa və Ömər Əliməmmədzadə eləcə də, akademik Z. Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə, fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov bürünc medal, həmin liseyin 10-cu sinif şagirdi Elay Verdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prossesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
Azərbaycan Texniki Universitetinin rəhbərliyinə şagirdlərimizin müsabiqədə iştirak etməsi üçün şərait yaratdıqlarına görə təşəkkür edirik!

20.10.2025
18 oktyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində kimya və riyaziyyat fənləri üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil olunub. Seçmə imtahanda riyaziyyat fənni üzrə ötən tədris ilində RFO-da qalib olmuş, kimya fənni üzrə isə finalda iştirak etmiş şagirdlər iştirak ediblər.
Seçmə imtahanın məqsədi beynəlxalq olimpiadalara hazırlıq prosesinə fənn üzrə ən yüksək nəticə göstərən şagirdlərin cəlb edilməsidir.
Nəzərinizə çatdırırıq ki, imtahan nəticəsinə əsasən uğurlu nəticə əldə edən şagirdlərə beynəlxalq olimpiadaya hazırlıq proqramı çərçivəsində dərslərin keçirilməsi planlaşdırılır.

20.10.2025
17 oktyabrda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycanda astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində bu elm sahəsinə daha geniş yer verilməsinin təşviq edilməsi və istedadlı şagirdlərin beynəlxalq səviyyədə təmsilçiliyinin təmin edilməsi məqsədilə V Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qaliblərə qızıl, gümüş və bürünc medal, diplom və hədiyyələr təqdim olunub.
Nəzərinizə çatdıraq ki, 2016-cı ildən etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun birgə təşəbbüsü ilə məktəblilər üçün astronomiya yönümlü proqramların təşkil edilməsinə start verilib.
Olimpiadaya hazırlıq prosesi də məhz Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilib.
Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil olunan olimpiadanın respublika turunda 1200 nəfər şagird qeydiyyatdan keçib. İki mərhələdən ibarət olan olimpiadanın final mərhələsində 100-dən artıq şagird bilik və bacarıqlarını nümayiş etdirib. Təşkilat Komitəsinin qərarı ilə 7 şagird birinci, 11 şagird ikinci, 10 şagird isə üçüncü yerə layiq görülüb.
V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına (IOAA 2025) hazırlıq dərslərinə cəlb ediliblər. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunub.
Qeyd edək ki, bu hazırlıqlar çərçivəsində Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) xüsusi hazırlıq düşərgəsi də keçirilib.
V Azərbaycan Astronomiya Olimpiadasının qalib komandası 11–21 avqust tarixlərində Hindistanın Mumbay şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğurla iştirak edib. Komanda nəzəri və praktiki turdan ibarət olan olimpiadada ümumilikdə 2 bürünc və 2 həvəsləndirici mükafat əldə edib. Bürünc medalları Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli qazanıb, həvəsləndirici mükafatlara isə Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Raiq Babazadə və XI sinif şagirdi Aqil Güləliyev layiq görülüblər.
Komandanın Beynəlxalq Olimpiadada iştirakı Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyilə baş tutub.
Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir.

14.10.2025
Fizika və biologiya fənləri üzrə beynəlxalq olimpiadalara seçmə imtahanında uğur qazanmış namizəd şagirdlərin adları artıq məlumdur. Nəticələrlə tanış olmaq üçün müvafiq keçidlərə daxil ola bilərsiniz. Ümumi nəticələr isə şagirdlərin təhsil aldıqları məktəblərin tabe olduğu qurumlara göndəriləcək.
Qeyd edək ki, şagirdlər hər tədris ilinin əvvəlində təşkil edilən hazırlıq dərslərinə qoşularaq ilboyu sistemli şəkildə məşğələlərdə iştirak edir və biliklərini təkmilləşdirirlər. Bu proses onların fənn üzrə dərin biliklər qazanmasına, eləcə də beynəlxalq arenada ölkəmizi uğurla təmsil etməsinə şərait yaradır.
Fizika fənni üzrə seçmə imtahan 27 sentyabr, biologiya fənni üzrə isə 5 oktyabr tarixində keçirilib.
Bütün şagirdlərə gələcək fəaliyyətlərində və qarşıdakı olimpiadalarda uğurlar arzulayırıq!

13.10.2025
18 oktyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində kimya və riyaziyyat fənləri üzrə beynəlxalq olimpiadalara hazırlıq məqsədilə seçmə imtahanlar təşkil ediləcək.
Riyaziyyat fənni üzrə seçmə imtahanda ötən tədris ilində Respublika Fənn Olimpiadasında (RFO) qalib olan şagirdlər, kimya fənni üzrə seçmə imtahana isə RFO-nun final mərhələsində iştirak edən şagirdlər buraxılacaqlar.
İmtahan saat 10:00-da başlanacaq. Şagirdlərdən şəxsiyyət vəsiqələri ilə birlikdə saat 09:30-da Təhsil Texnologiyaları Mərkəzində olmaları xahiş olunur.
Bütün iştirakçılara uğurlar arzulayırıq!

13.10.2025
Riyaziyyat fənninə xüsusi marağı ilə seçilən 8-9-cu sinif şagirdləri arasında cari tədris ilində olimpiadalara hazırlıq üzrə aşağı yaş qrupu komandasının formalaşdırılması məqsədilə seçmə imtahanı keçirilib. İmtahan 11 oktyabrda Fizika, riyaziyyat və informatika təmayüllü liseydə baş tutub. Seçmə imtahana əvvəlki tədris ilində riyaziyyat fənnindən Məktəblilərarası fənn müsabiqələrində qalib olan 7-ci sinif şagirdləri və 5 oktyabrda təşkil olunan birinci mərhələdə 80% və daha yuxarı nəticə göstərən iştirakçılar dəvət olunub.
Bütün şagirdlərə uğurlar arzulayırıq.

07.10.2025
11 oktyabr tarixində saat 10:00-da Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə riyaziyyat fənni üzrə 8-9-cu sinif şagirdləri arasında beynəlxalq olimpiadalara seçmə imtahanının ikinci mərhələsi keçiriləcək.
Bu mərhələdə ötən tədris ilində (7-ci siniflər arasında) Məktəblilərarası fənn müsabiqəsinin qalibi olan şagirdlər və 5 oktyabr tarixində onlayn formada keçirilən birinci mərhələdə 20 və daha artıq suala düzgün cavab verən şagirdlər iştirak edəcək. Şagirdlər öz nəticələri ilə imtahan verdikləri platformada tanış ola bilərlər.
Bütün iştirakçılara uğurlar arzulayırıq!

06.10.2025
5 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində biologiya fənni üzrə yuxarı yaş qrupu üçün beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil olunub.
İmtahanda ötən tədris ilində Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə qalib olan və final mərhələsində iştirak edən şagirdlər, cari tədris ilində 9, 10 və 11-ci sinifdə təhsil alan şagirdlər iştirak ediblər.
Seçmə imtahanın məqsədi beynəlxalq olimpiadalara hazırlıq prosesinə fənn üzrə ən yüksək nəticə göstərən şagirdlərin cəlb edilməsidir.
Nəzərinizə çatdırırıq ki, imtahan nəticəsinə əsasən uğurlu nəticə əldə edən şagirdlərə beynəlxalq olimpiadaya hazırlıq proqramı çərçivəsində dərslərin keçirilməsi planlaşdırılır.

30.09.2025
8 və 9-cu siniflərdə təhsil alan, riyaziyyat fənninə xüsusi marağı olan və Təhsil İnstitutu tərəfindən təşkil edilmiş beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak etmək istəyən şagirdlər üçün 2 mərhələli seçmə imtahanı təşkil ediləcək. Birinci mərhələdə qənaətbəxş nəticə göstərən şagirdlərə ikinci mərhələdə olimpiada formatına uyğun açıq tipli tapşırıqlar təqdim ediləcək. Seçmə imtahanının birinci mərhələsi 5 oktyabr saat 10:00-da onlayn formada təşkil olunacaq. Müvafiq keçidə daxil olmaqla imtahanda iştirak edə biləcəksiniz:
Aşağıda qeyd edilən keçidlərə daxil olmaqla əvvəlki tədris illəri üzrə təşkil edilmiş imtahanlarla tanış ola bilərsiniz. Şagirdlər sınaq məqsədi ilə həmin imtahanlara daxil olub öz biliklərini yoxlaya bilərlər. Sınaq imtahanlarının nəticələri əsas imtahana təsir etmir, şagirdlərin riyazi bilik və bacarıqlarını yoxlamaq və müstəqil öyrənmə vərdişlərini inkişaf etdirmək üçün nəzərdə tutulub.
İmtahan iştirakçılarına uğurlar arzulayırıq!

29.09.2025
5 oktyabr tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində biologiya fənni üçün yuxarı yaş qrupu üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil ediləcək.
Seçmə imtahanına ötən tədris ilində Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə qalib olan və finalda iştirak etmiş 8, 9 və 10-cu sinif şagirdləri (cari tədris ilində 9, 10 və 11-ci sinifdə təhsil alan şagirdlər) dəvət olunurlar.
İmtahan saat 11:00-da başlayır, şagirdlər 10:30-dan gec olmayaraq imtahan mərkəzində olmalıdırlar.
Nəzərinizə çatdırırıq ki, şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyət vəsiqəsi və kalkulyator gətirməlidirlər.

24.09.2025
27 sentyabr tarixində Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində fizika fənnindən yuxarı və aşağı yaş qrupu üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil ediləcək.
Seçmə imtahanına ötən tədris ilində Respublika Fənn Olimpiadasında fizika fənni üzrə qalib olan 9 və 10-cu siniflər (cari tədris ilində 10 və 11-ci sinifdə təhsil alan şagirdlər) və finalda iştirak etmiş 8-ci sinif şagirdləri (cari tədris ilində 9-cu sinifdə təhsil alan şagirdlər) dəvət olunurlar.
İmtahan saat 11:00-da başlayır, şagirdlər 10:30-dan gec olmayaraq imtahan mərkəzində olmalıdırlar. İmtahana gələrkən şagirdlərdən şəxsiyyət vəsiqələrini özləri ilə gətirməkləri xahiş olunur.

09.09.2025
9 sentyabr tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO 2025) I mərhələ seçmə imtahanı keçirilib.
Seçmə imtahanının nəticələrinə əsasən ən yüksək bal toplamış 31 nəfər şagird hazırlıq dərslərinə cəlb olunacaq. Hazırlıq dərslərinin qrafiki barədə məlumat şagirdlərə əlavə olaraq təqdim olunacaq. Digər iştirakçılar isə öz nəticələrini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənə bilərlər.
Hazırlıq dərslərinə cəlb edilən şagirdlərin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
IJSO 2025 _I seçmə imtahan nəticələri

07.09.2025
29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində keçirilmiş 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər.
Müsabiqədə 24 ölkədən 96 məktəbli iştirak edib. Məktəblilərimiz aşağıdakı nəticələrlə medallarla geri dönüblər:
🥉 Ömər Əliməmmədzadə – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi, IX sinif
🥉 Fateh Əhmədzadə – Bakı şəhəri Akademik Zərifə Əliyeva adına lisey, IX sinif
🥉 Əkbər Əhmədov – Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey, IX sinif
Şagirdlərimizi qazanılmış uğurlara görə təbrik edir, onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq.
Qeyd edək ki, Azərbaycan məktəbliləri Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 2017-ci ildən etibarən iştirak edir və indiyədək 4 gümüş və 11 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.

04.09.2025
9 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO 2025) üzrə ilkin seçmə imtahanı keçiriləcək.
Seçmə imtahana 2024/2025-ci tədris ilində təşkil olunmuş Respublika Fənn Olimpiadalarında fizika, kimya və biologiya fənləri üzrə qalib olan, doğum tarixi 2010 və 2011-ci il olan şagirdlər dəvət olunublar.
İmtahan beynəlxalq olimpiada proqramına uyğun olaraq fizika, kimya və biologiya fənləri üzrə tapşırıqları əhatə edəcək.
Seçmə imtahanı 9 sentyabr 2025-ci il tarixində saat 11:00-da ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində (F.Xoyski küçəsi 109) baş tutacaq. Şagirdlər imtahan başlamazdan əvvəl saat 10:30-da mərkəzdə olmalıdırlar. İmtahana buraxılış yalnız şəxsiyyət vəsiqəsinin təqdim olunması əsasında həyata keçiriləcək.
Seçmə imtahanında iştirak edəcək şagirdlərin adları ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz: Siyahı

02.08.2025
27 iyul – 3 avqust 2025 tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində keçirilmiş 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) məktəblilərimiz 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanaraq tarixi uğura imza atıblar.
Bu nəticə ilə Azərbaycan IOI tarixində ən yüksək nəticəsinə nail olub.
Medal qazanan şagirdlərimiz:
🥈 Ayxan Dəmirli – Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi – Gümüş medal
🥉 Həsən Vəliyev – Bakı şəhəri, 157 nömrəli məktəbin X sinif şagirdi – Bürünc medal
🥉 Elvin İmanlı – Bakı şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin XI sinif şagirdi – Bürünc medal
🎖 Əli Əliyev – Bakı şəhəri, Ankara liseyinin XI sinif şagirdi – Həvəsləndirici mükafat
Azərbaycan komandası IOI olimpiadasına 1994-cü ildən qatılır. Bu müddət ərzində qazanılan medallar belədir:
1994–1999: 2 medal
2000–2009: 2 medal
2010–2019: 1 medal
2020–2025: 11 medal
2025-ci ildə qazanılan nəticə ilə şagirdlərimiz ölkə tarixində ən yüksək nəticə göstərmiş və iki iştirakçımız dünya üzrə ilk 100-lükdə qərarlaşmışdır.
Son illərdə bu uğurlar Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən informatika fənni üzrə hazırlıq proqramlarının nəticəsidir.
🎉 Şagirdlərimizi təbrik edir, gələcək beynəlxalq müsabiqələrdə onlara daha böyük uğurlar arzulayırıq!
📎 Ətraflı nəticələr üçün:
👉 Olimp-news - IOI
👉 IOI Statistikası – Azərbaycan

29.07.2025
18–24 iyul 2025-ci il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.
Nəzəri və praktiki turlardan ibarət olan bu nüfuzlu elmi yarışmada Azərbaycan məktəbliləri ümumilikdə 1 gümüş, 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar:
🥈 İbrahim Valehli – Kaspi liseyinin XI sinif şagirdi – Gümüş medal
🥉 Selcan Süleymanlı – Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi – Bürünc medal
🥉 Məhəmməd Cəfərli – Bakı şəhəri Texniki Humanitar Liseyin X sinif şagirdi – Bürünc medal
Zeynəb Məhəmmədli – Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin X sinif şagirdi – Həvəsləndirici mükafat
🎖 Murad Xəlil – Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi – Həvəsləndirici mükafat
Məktəblilərimizi qazandıqları uğurlara görə təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar və yeni zirvələr arzulayırıq!

22.07.2025
14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində 5-ci Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2025) təşkil edilib. 61 ölkədən 227 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Rahidil Bayramlı və Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Ayan Kərimova bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Aytən İskəndərova isə həvəsləndirici mükafata layiq görülüb.
Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.

29.06.2025
2025-ci il 22–28 iyun tarixlərində Sinqapurda keçirilmiş Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında (ICO) Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticələr əldə ediblər. Yarışda ölkəmizin komandası 2 gümüş və 1 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib.
Belə ki, Ağdaş rayonu, Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulla Abdullazadə, Mingəçevir şəhəri, Ruslan Muradov adına texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Sumuraz Mirzəyev gümüş medal, Lənkəran rayonu, Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin XI sinif şagirdi Əliyyəkbər Şirinli isə bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışda ümumilikdə 28 ölkədən 136 şagird iştirak edib. Bu olimpiada Beynəlxalq İnformatika Olimpiadasının təşkilat komitəsi tərəfindən cari tədris ilindən ilk dəfə olaraq keçirilmişdir. Seçmə mərhələlər isə yerli və xarici mütəxəssislərin iştirakı ilə 2 mərhələdə baş tutub. İmtahana informatika fənnindən yuxarı yaş qrupu üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak hüququ qazanmış məktəblilər dəvət olunublar.
Seçilmiş şagirdlər mart ayından etibarən həftədə 4 saat olmaqla intensiv hazırlıq dərslərinə cəlb olunublar. Onlara müxtəlif səviyyəli tapşırıqlar təqdim olunaraq praktiki bilik və bacarıqları inkişaf etdirilib.
Şagirdlərimizi təbrik edir, gələcək müsabiqələrdə daha böyük nailiyyətlər arzulayırıq.

17.06.2025
14 iyun 2025-ci il tarixində “Azercell Telekom” MMC və Təhsil İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Texniki Universitetinin Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun dəstəyi ilə “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin final mərhələsi təşkil olunub. Müsabiqənin final mərhələsində 162 şagird iştirak edib. İştirakçılara 3 saat ərzində 5 alqoritmik məsələni C++, Python proqramlaşdırma dillərində həllini tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmək tapşırığı verilib.
Qeyd edək ki, Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin proqramlaşdırma sahəsinə, informatika fənninə və rəqəmsal texnologiyalara olan marağının artırılması, bu sahələr üzrə xüsusi istedadı və bacarığı ilə seçilən şagirdləri müəyyənləşdirib onlara dəstək göstərilməsidir.

16.06.2025
25-26 aprel 2025-ci il tarixlərində Azərbaycan Texniki Universitetində və Bakı Dövlət Universitetində təşkil olunmuş informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının qalibləri müəyyən edilib. Şagirdlər final turunun nəticələri ilə portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq tanış ola bilərlər.
Qaydalara əsasən aşağı yaş qrupu üzrə 5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıb. Yuxarı yaş qrupu üzrə isə 7-ci və 7-ci ilə yerlə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 22-ci və 22-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 45-ci və 45-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medala layiq görülüb.
Qeyd edək ki, final turu ərzində şagirdlər tərəfindən təqdim edilmiş 5023 həll avtomatik qiymətləndirmə sistemi tərəfindən yoxlanılıb.

16.06.2025
2024–2025-ci tədris ili üzrə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri üçün rəsmi mükafatlandırma mərasimi təşkil olunacaq. Tədbir 24 iyun 2025-ci il tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.
Bu ənənəvi tədbir ölkənin istedadlı məktəblilərinin elmi nailiyyətlərini cəmiyyətə təqdim etməyi, onları gələcək uğurlar üçün ruhlandırmağı hədəfləyir.
Respublika Fənn Olimpiadaları 8–11-ci sinif şagirdləri arasında müxtəlif fənlər üzrə yüksək intellektual yarış platformasıdır. Cari tədris ilində keçirilmiş seçim mərhələlərindən uğurla keçmiş və finalda fərqlənmiş 514 nəfər qalib şagird aşağıdakı nəticələrlə təltif olunub:
🥇 I yer – 95 nəfər
🥈 II yer – 170 nəfər
🥉 III yer – 249 nəfər
Tədbirə dəvət olunacaq şagirdlər və onların müşayiətçiləri barədə müvafiq təlimatlar artıq ümumtəhsil müəssisələrinə göndərilib. Qaliblər tədbirdə iştirak etmək üçün yaşadıqları şəhər və rayon üzrə təhsil aldıqları məktəblərə müraciət etməlidirlər.
Bu mərasim yalnız fərdi nailiyyətlərin deyil, həm də ölkənin elmi potensialının və təhsilin inkişafının nümayişidir.
Bütün qalibləri təbrik edir və onların gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq!