
International Cybersecurity Olympiad (ICO) kibertəhlükəsizlik sahəsində beynəlxalq səviyyəli elmi-texniki yarışmadır. Olimpiadanın əsas məqsədi bu sahəyə marağı olan gənc istedadları aşkara çıxarmaq, onları inkişaf etdirmək və qlobal əməkdaşlıq üçün imkan yaratmaqdır. Yarışma kriptoqrafiya, şəbəkə təhlükəsizliyi, sistem zəifliklərinin analizi, "reverse engineering" və digər texniki sahələri əhatə edir. İştirakçılar adətən 4 nəfərlik tələbə heyəti və 2 rəhbər şəxs (komanda rəhbəri və köməkçi) ilə təmsil olunurlar.
Yarışma “Capture the Flag” (CTF) formatında keçirilir və iki əsas mərhələdən ibarət olur: birinci mərhələdə iştirakçılar hücum yönümlü (attack-style), ikinci mərhələdə isə müdafiə yönümlü (defense-style) tapşırıqları yerinə yetirirlər. Tapşırıqlar iştirakçıların həm texniki biliklərini, həm də komandada işləmək bacarığını qiymətləndirir. Yarış zamanı iştirakçılar real təhlükəsizlik problemlərini praktik şəkildə həll edirlər və məhdud zaman çərçivəsində kreativ yanaşmalar nümayiş etdirirlər.
ICO-nun təşkilatçıları sırasına nüfuzlu universitetlər, kibertəhlükəsizlik agentlikləri və texnologiya şirkətləri daxildir. Olimpiada çərçivəsində yarışmadan əlavə, təlim sessiyaları, texniki seminarlar, sponsor təqdimatları və sosial tədbirlər də keçirilir. Bu, iştirakçılara yalnız texniki bacarıqlarını yoxlamaqla kifayətlənmədən, həm də beynəlxalq dostluqlar qurmaq və sahənin peşəkarları ilə əlaqə yaratmaq imkanı verir. ICO ilbəil daha çox ölkəni əhatə edir və kibertəhlükəsizlik sahəsində beynəlxalq miqyasda ən mühüm tədbirlərdən birinə çevrilir.
Final mərhələnin qaliblər növbəti tədris ilində Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil edilən beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət edilirlər.
Ətraflı məlumat əldə etmək üçün rəsmi sayta baxa bilərsiniz.