RFO loqosu

Beynəlxalq Riyaziyyat Olimpiadası

IMO (International Mathematical Olympiad) — orta məktəb şagirdləri arasında təşkil olunan ən qədim və nüfuzlu beynəlxalq riyaziyyat yarışıdır. Bu olimpiadanın əsas məqsədi riyaziyyat sahəsinə marağı olan istedadlı gəncləri bir araya gətirərək onların analitik düşüncə və problem həll etmə bacarıqlarını sınaqdan keçirmək, inkişaf etdirmək və ölkələrarası elmi əməkdaşlığı təşviq etməkdir.

IMO ilk dəfə 1959-cu ildə Rumıniyada keçirilmişdir və o vaxtdan bəri hər il fasiləsiz olaraq müxtəlif ölkələrin ev sahibliyi ilə təşkil olunur. Yarışda iştirakçılardan yüksək səviyyəli riyazi təfəkkür, məntiqi ardıcıllıq və dərin anlayış tələb olunur. Olimpiada yalnız nəzəri mərhələdən ibarət olub, iki gün ərzində keçirilən ümumilikdə 6 çətin tapşırığın yazılı həllindən ibarətdir.

Olimpiadada dünyanın 100-dən çox ölkəsindən komandalar iştirak edir. Hər bir ölkə ən çox altı şagirddən, bir rəhbərdən və bir rəhbər köməkçisindən ibarət komanda ilə təmsil olunur. Tapşırıqlar əsasən cəbr, kombinatorika, ədədlər nəzəriyyəsi, həndəsə və analiz kimi sahələri əhatə edir və əvvəlcədən heç bir xüsusi nəzəriyyə və ya kalkulyator tələb olunmur.

IMO-nun əsas məqsədləri arasında riyaziyyat sahəsində yüksək istedadlı şagirdləri aşkar etmək, onların beynəlxalq miqyasda elmi biliklərini genişləndirmək, gənclər arasında dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək yer alır. Eyni zamanda, bu yarış riyaziyyat təhsilinin inkişafına və elmi mübadilənin güclənməsinə də öz töhfəsini verir.

Olimpiada təkcə elmi yarış yox, həm də mədəniyyətlərarası dialoq və beynəlxalq dostluq platformasıdır. Proqrama yarışdan əlavə olaraq ekskursiyalar, sosial tədbirlər və elmi müzakirələr də daxildir.

Azərbaycan və IMO

Azərbaycan Respublikası IMO-da ilk dəfə 1994-cü ildə iştirak etmişdir. O vaxtdan bəri ölkəmiz bu mötəbər yarışda mütəmadi şəkildə təmsil olunur. Azərbaycanlı şagirdlər bu illər ərzində 10 gümüş, 45 bürünc medal və 71 həvəsləndirici mükafat qazanaraq ölkəmizi uğurla təmsil etmişdir.

Ətraflı məlumat əldə etmək üçün rəsmi sayta baxa bilərsiniz.